Happy End

Bir gün həyatında elə bir sabah olur ki, qalxırsan – gördüyün hər şey sənə yad gəlir. Yatdığın çarpayıdan tutmuş, hər gün salamlaşdığın qonşun, iş yoldaşların, tanışların, sənə adınla müraciət edən hər kəs. O an fikirləşirsən: “Bu qəribə insanlar kimdi? Bura haradı?”. O an beyninə iynə damara sancılan kimi suallar yağmağa başlayır. Əsas da özün və kimliyinlə bağlı...

Bəlkə həqiqətən də bu sən deyilsən? Bəlkə həqiqətən də içindəki kimliyi artıq basdırmağın mənası yoxdu? Bəlkə öldürdüyün ümidlərin qoxusu səni boğur? Bəlkə hər şeyə tüpürməyin vaxtıdı? Bəlkə yüz dəfə fikirləşib edə bilmədiyin cəsarətsizliyini atmağın zamanı gəlib? Bəlkə...

O qədər bəlkələ yaranır ki, artıq “bəlkə”lərdən də bezirsən. Bezginlik, depressiya, monotonluqa müşahidə olunan həyat tərzi, inamsızlıq, hələ dünən yediyin yalanın sinəndəki isti ağrısı, itmək, itirilmək, tək qalmaq qorxusu...
Qorxu? Yox. Bir an başa düşürsən ki, itirələcək heç nəyin yoxdu. Boşdu hər şey. Qazandığın hər şey – pul, hörmət, dost, sevgi, nifrət, hətta qulağından ayırmadığın iPod`un da boşdu.Yazdığın cümlələrin də boş olduğunu anlayırsan – sənə qədər yüz dəfə kimlərinsə qələmindən çıxıb çünki.

Fikirlər böyüyür. Böyüdükcə vəhşiləşir, azğınlaşır, qarşısını ala bilmirsən. Yiyəsiz bir küçədə küncə sıxışdırılırsan. Zərbələr sənə arbaletdən çıxan oxlar kimi sancılır. Bax o an yaşamaq belə istəmirsən. Sonra isə ən dəhşətlisi baş verir – dərk edirsən ki, ölümünü belə özün seçmirsən. Sən demə bu dünyaya gəlməyinə qərar verə bilmədiyin kimi, ölməyinə də qərar verməkdə acizsən...

Hər şey rəngsizləşir. İçindəki melanxoliya, tənhalıq, özünüifadəsizlik, yorğunluq, kimsəsizlik, qorxaqlıq, cılızlıq, gücsüzlük..

O an sevgi istəyirsən. Hər dəfə başlayıb əvvəlkilərin əslində real/həqiqi/əsl olmadığını düşündüyün bir sevgi yox. Daim axtarıb tapa bilmədiyini düşündüyün və sonda nə qədər yanıldığın sevgi yox. Ehtiras və bağlanmaq hissləriylə bəzənən sevgi yox. Uzun illər ürəyindən ata bilməyib, sonra ilahiləşdirib və nəhayət öldürülən sevgi yox. Üç aya zirvəyə çatıb bir anda məhv olan, kibrit kimi tez alışıb küləklə söndürülən sevgi yox...

Yox, sevgi yox. Sevgi istəmirsən. Səni özü kimi sevən adam istəyirsən. Səni bir baxışınla anlayan adam istəyirsən. Səni sözünü bitirmədən başa düşən adam istəyirsən. Səni lal olduğun anda nəfəsiylə isidən adam istəyirsən. Səni tək qalmaq istəyəndə tənhasızlığıyla tək qoyan adam istəyirsən. Səni hönkür-hönkür ağlayanda qucaqlayıb səbəbsiz yerə ağladığını başa düşən adam istəyirsən. Səni öz ehtiyacını ödəmək, xoşuna gəlmək üçün yox səbəbsiz yerə səbəb axtarmadan ən ehtiraslı hissləriylə öpən adam istəyirsən. Səni əllərindən öpdüyün anda qucaqlayıb qulağına nə qədər sevdiyini deyən adam istəyirsən. Səni səbəbli ya da səbəbsiz yerə tək qoymayacaq adam istəyirsən.

Dəli kimi sevilmək istəyirsən.
Bütün ülvi hisslərdən uzaq, bütün oxşar sevgilərdən yad...

» Бумбокс – Happy End

2 comments:

Chechako said...

Yazı əla.Niyə bu yazı yoxdur forumda?Qoysan əla olar.Bəs niyə forumda deyirdin sevgi yoxdur?Sənin yazılarında həmişə bəzi fikirlərlə razı olmuram.Amma yazıların əladır və çox fərqlidir.Bir də bir dənə şey soruşum.Sən deistsən?

amir said...

Sanki içimi yazmısan...
Tam olmasada müəyyən qədər başa düşürəm səni...
p.s link işləmir