Hərdən başını götürüb getmək istəyi yaranır.
Üç-dörd həftədir tanıdığın bir qızla harasa Avropaya.. İngiltərə, ya da oralara bir yerə.. Mmm.. Londona məsəlçün, qaçmaq istəyirsən. Səni qəfəsdə saxlayıb, əl qolunu bağlayan bu cəmiyyətdən və ölkədən sürgün/mühacir/qaçqın/köçkün olmaq istəyirsən. Heç arxana belə baxmaq istəmirsən. Nə anan, nə qardaşın, nə bacın, nə dostların, nə də vaxtilə sevdiyin qız, nə də ki başladığın iş/məşğuliyyət/planlar səni ayırmaq istəmir bu fikirlərindən..
Köçmək istəyirsən birdəfəlik. Gedib lap ortabab britaniya ailəsindən biri belə olmağa razısan. Bilirsən ki, getsən belə 10 il sonra reklam bürolarından birindən cansıxıcı büro işində ayılacaqsan ki, artıq iki uşağın və onların tərbiyəsinə özünü həddən artıq aludə etmiş arvadın işdən sonra sənə köynəynin çirkli olduğunu, özününsə çimməli olduğunu deyir. Və sən həmişə lançdan sonra, eləcə də işdən çıxan kimi, Maykl, Con ya da Smitlə - güya ki sənə artıq yeni dost olan bu adamlarla pub`lardan birində oturub pivə içirsən və yerli komandanın iki gün əvvəlki oyununu müzakirə edirsən. Oradan da tipik avropalı maşınlarından biriylə - park etməsi rahat, balaca və ailə maşını adını qazanmış, Ford, Volvo ya da Mercedes`lə evə qayıdırsan. Evdə sənin danışdığın Azərbaycan ləhcəsi, məktəbdə isə içi fuck və shit`lərlə dolu olan British English`i əla mənimsəmiş oğlun və balaca qızın var. Onların sənin uşaqlığından xeyli fərqli hərəkətləri/danışıqları/sualları səni bir anlıq geriyə qaytarır. Vaxtilə atıb gəldiyin ölkəni illərdi yadına salmadığın valideyinlərini/qohumlarını görürsən o uşaqlarda. Adını Vətən qoyub, borclu hesab etdiyin yerin ətri çəkir səni geriyə. Qayıtmaq istəyirsən. Bilirsən ki heç nə dəyişməyib. Nə insanları, nə heyvanları. Sadəcə uşaqlıqda qardaşı üçün darıxan və milçək olub bir gözlə olsa belə uzaqdan seyr etmək istəyən cocuğa dönürsən. İçindəki nostlaji hissləri daim yaşamaq istədiyin Avropa dejavüsünü çoxdan üstələdiyini dərk edirsən.
Sən Avropalı doğulmadığını anlayırsan. Sənin torpağa nə qədər bağlı olduğun yadına düşür.
Köçəri millətin məmləkətsevər insanı. İnsancığı. İtirmək və itirilmək qorxusundan heç vaxt azad olmayan. Üsyanları daim özünə yönələn bir asi könül xəstəsi. Sən son Heineken`i də başına çəkib, uşaqlarının başını tumarlayırsan. Güzgünün qarşısına keçəndə isə artıq orta yaşlı, qarınlı, üzü köklük və oturaqlıqdan çəhrayı rəngə çalan, saçları ağarmış, cins və köynəkdə bir kişi görürsən. Gülürsən ona. Düşünürsən ki, bu sənin xəyaledəbiləcyin adamdı əslində.
Ən çox bezdiyin günlərdə olmağına razılıq verdiyin insan tipajıdı. O an 7 yaşında havasını udduğun dağların sərt küləyi əsir qulağına. İçindəki hiss ürəyini yarpaq kimi titrədib, bütün tüklərini biz-biz edir. Sən ya yaşadığın hissədən, ya sevincdən, ya kədərdən, ya da darıxmış uşağın qorxusuna bənzəyən bir şeydən kövrəlməyə başlayırsan. Ayılırsan ki, pilləkənin dibində oturub ağlayarkən vaxtilə hər şeyini qəbul etidiyin qız artıq Azərbaycanlı simasından çox uzaq bir qadın olub səni “Yenə darıxdın?” sözləriylə reallığa qaytarır. Sulu gözünü silib, ona yalandan nəsə deyib, keçirsən yataq otağına. Yatana qədər eyni şeyi fikirləşib, sənlə eyni yatağa baş qoyan bu qadının suallarına dəxilsiz cavablar verib yuxuya gedirsən. Və yuxunda qaçdığın günə qayıdırsan. Ayılmaq istəmirsən.
Ancaq ayılıb baxırsan ki, saat 03:05`də bitirdiyin bu mətn, Dido`nun mahnıları altında Vörd səhifəsinə köçürdüyün hisslərdən başqa bir şey deyil.
Siqaret çəkib yatmağa qərar verirsən.
1 comments:
İçin'de içim'den de bir şeyler vardı...
E.N
Post a Comment