Hər yazılan kitabın, əsərin, şerin, sözün arxasında bir adam durur.
Onu qələmə alan yox. Söhbət aqresiyasını, eqosunun tələblərini kağıza, qələmə, klaviyaturaya tökəndən getmir. Söhbət səbəbkardan gedir. Kimisə nəyəsə təşviq edən. Bütün dahi əsərlər,
şedevrlər belə yaranır. Sitatlarla, P.S.`lərlə, şərhlərlə ya da ön sözlərlə bitir. Bəli, bəli – o əsərlər başlamamış, elə ön sözlərdə bitir. Bitir. İtmiş hər fikri bitmiş fikir – nöqtə tamamlayır.
Həyatımda nöqtə qoymaq istədiyim çox əsərlərim olub. Hələ ön sözünü yazmadığım. Hələ başlamadığım. Təşviq olunub, susduğum. İçimdə partlayan, beyin hüceyrələrimi öldürüb, saçlarımı ağardan. Depressiv, aqressiv vəziyyətə salan. İçimdə qalan...
Korlanmış arzularım kimi. Uşaqlıqdakı velosiped xəyallarım kimi. Böyüyəndə maşına çevirlməyən küt, tozlanmış arzularım. Onlar bəzən yalançı dilənçiyə bənzəyir. Əla aktyorluq eləyir içimdə. Bir yerlərimə, ürəyimə təzyiq etməyi də bacarır. Normativlərə cavab verməyən ürək kardeoqrammam kimi. Pis aktyorluq edir bəzən arzularım. Hisslərimdən istifadə edir. Məni boş otağa salıb, “replay”lə bir mahnıya saatlarla qulaq asdırır. Bezdirir qulaqlarımı. Sıxır..
Sadəcə P.S.`ini yazmaq istədiyim arzularım da var. Yalandan. Sırf görüntü olsun deyə başqalarına sırımaq istədiyim tələblərim. Kiminsə hisslərini bölüşmək xətrinə. Başımdan eləmək istədiyim xəyallarım. Eyni zamanda başımı rahat buraxmayan. Divara sıxılan yumruq kimi ağrıyan. Vuranda yox, hirsim soyuyanda hiss etdiyim. Bu arzularım məni cəmiyyətə bağlayır deyəsən. Oxşamağa çalışdığım. Ya da oxşadıldığım. Ya da başını oxşadığım cəmiyyətə. Tüpürdüyüm cəmiyyətə. İylənmiş cəmdək ətinə bənzəyən cəmiyyətə. Yararsız, vaxtı keçmiş. Ancaq köpəklərin yeminə çevrilən bir şeyə...
Vərəqlərə, vörd səhifələrinə, GB`lara sığmayan fikirlərim də var imiş. Danışıb-danışıb qurtara bilmədiyim. Danışıb qurtarandan sonra tam izah edə bilmədiyimi düşündüyüm fikirlər. “Başa düşdün?”-ə verilən “hə”-yə sillə kimi vurulan “eh.. sən hardan başa düşə bilərsən!” kimi...
Çox şirin arzuya bənzəyir bu. O biri arzulara bənzəməyəcəyini, hədəfə çatdıqdan sonra adiləşməyəcəyini düşündüyüm. Özüm-özümü aldadıram...
Özümü qabağıma qoyub başa sala bilmirəm. Daşıyıram dağı arana, aranı dağa. Bütün komplekslərim özümə qarşı. Milçək kimi bir zərbəylə əzərdim komplekslərimi, sarsaq arzularımla birgə. Bircə özümü başa sala bilsəydim, keşkə..
Bu yazının səbəbkarını bircə özüm.. Bir də özüm bilirəm. Özümü başa sala bilmədiyimə görə, nöqtə qoya bilmirəm...
P.S.: burda heç bir yazı olmamalıydı.. bura boş qalmalıydı.. bu P.S. olmamalıydı...
0 comments:
Post a Comment