pepsicola

İstilər artıq 40 C`ni keçib.. Su depolarımız cəmi 2-3 saata tükənir..
Mağazaya gedən yolda ayrıca cığır çəkirik artıq.
Marketdən 200 ml PEPSI aldım. Bir daha əmin oldum ki bir xopa dəyməzmiş..
Hər nə qədər əla dizayn olunsa da..

Sonuna qədər: Always Coca-Cola!...


ALT-SHIRTS


A place for my head v.4

07:14
Biri mənə desin ki get yat..
Yatmaq istəyirəm..

Backsound: Lithium - (1993, Nirvana)

Optimizm vs. Pessimizm

“Benim hayata bakış açım bu. Karamsar ve kötü...”
Sagopa K.

İnsanın həyata baxışından çox şey asılıdır. Amma bu o demək deyil ki, nə qədər optimistsənsə o qədər irəliləyəcəksən və ya nə qədər pessimistsənsə o qədər geriləyəcəksən. İstəyinə çatmaq üçün bədbin ya da nikbin olmaq heç bir rol oynamır. Həqiqətən. Yox, əgər söhbət motivasiyadan gedirsə, kifayət qədər pessimist mövqeylə hədəfə çatmağın şahidi olmuşam. İstər şəxsi, istərsə də başqa insanların təcrübəsində.
Öz başıma gələnlərdən danışası olsam, son illər pessimist mövqedən çıxış etməyə başlamışam. Həyata daha bədbin baxmaq. Daha çox inamsızlıq, daha çox güvənsizlik, daha çox içəqapanma. Bunlar əslində mənim “mən”imi gücləndirib. Daha qüvvətli və sərt edib fikirlərimi. Aydınlaşdırıb da bir az. Gerçəkliklə barışmağı öyrədib. Düşünürəm ki, uşaq təfəkkürlü optimizmdən reallıqla qovuşduran pessimizm qat-qat yaxşıdır. “Yaxşı olar, yaxşı olar.. düzələr, bu da keçər...” Artıq bunlar mənim üçün keçmişdə qalır.
Bu məni əslində sevindirir. Çünki həmişə reallıqdan qaçan olmuşam. Daha yaxşıya ümid edib, hər şeyin daha yaxşı olduğunu/ola biləcəyini düşünmüşəm. Halbu ki, indi keçmişə baxanda, sadəcə qorxaq olduğumu görürəm. Cəsarətsiz və qorxaq. Bir az da səfeh. Bəli, səfeh. Hıh.. Bax məsələn özümə 4-5 il əvvəl səfeh deyə bilməzdim. “Hər şey yaxşıdı, əladı” məntiqinin yaratdığı boş qürur. İndi o qürurun əslində boş bir şey olduğunu da dərk edə bilirəm. Bəzi fikirlərimin səfeh olduğunu başqalarına etiraf edə bilməsəm də, özümə ki, yalan danışa bilmərəm? Danışırammış...
Yaxınlarımdan, oxuduğum kitablardan, filmlərdən mənə gələn mesajlar həmişə reallıqla barışmaq, gerçəkliyə gözü açmaq yönündə olub. Müəyyən mənada bu məndə, belə demək mümkünsə kompleks də yaradıb. Ya da yaratmışdı. Hərhalda o kompleksimi aradan qaldırdığımı. Ya da aradan qaldırmağa çalışdığımı görürəm.
Bacarmırdım. Realist olmağı, aydın düşünməyi, gözümdəki “everything all right!” eynəyini çıxarda bilmirdim. Bugünsə özümə kənardan baxıb, aciz, cılız, məqsədlərindən xeyli uzaqda olan, əslində görməyə çalışdığı işlərin kiçicik bir həmlə olduğunu dərk etməyən, nümunələrini səhv yerdən, səhv məqsədlər üçün götürdüyünü anlamayan, arzularını masturbativ yolla susduran, eqo düşkünü olduğumu görürəm. Görürəm. Önəmli olan məqan görməyimdədi.
“Əvvəlcə gözlərini açmalısan, günəşi görə bilmək üçün...”
Qaraqan
Yazını sitatla qurtarmaq istəmirəm. Çox şablon və çeynənmiş bir şey alınır. İstədim bunu oxuyacaq adam da bilsin. Bilsin ki, hər nə qədər bütün fikirlər bizə qədər səsləndirilmiş olsa da, öz içindən gələnləri öz diliylə desin. Belə daha yaxşı, daha təbii, daha inandırıcı alınır...
Ən əsası isə, konkretləşdirir fikirlərini. Nə qədər optimist, ya da nə qədər pessimist olduğunu da.

Səbəbkara həsr olunur

Hər yazılan kitabın, əsərin, şerin, sözün arxasında bir adam durur.
Onu qələmə alan yox. Söhbət aqresiyasını, eqosunun tələblərini kağıza, qələmə, klaviyaturaya tökəndən getmir. Söhbət səbəbkardan gedir. Kimisə nəyəsə təşviq edən. Bütün dahi əsərlər,
şedevrlər belə yaranır. Sitatlarla, P.S.`lərlə, şərhlərlə ya da ön sözlərlə bitir. Bəli, bəli – o əsərlər başlamamış, elə ön sözlərdə bitir. Bitir. İtmiş hər fikri bitmiş fikir – nöqtə tamamlayır.
Həyatımda nöqtə qoymaq istədiyim çox əsərlərim olub. Hələ ön sözünü yazmadığım. Hələ başlamadığım. Təşviq olunub, susduğum. İçimdə partlayan, beyin hüceyrələrimi öldürüb, saçlarımı ağardan. Depressiv, aqressiv vəziyyətə salan. İçimdə qalan...
Korlanmış arzularım kimi. Uşaqlıqdakı velosiped xəyallarım kimi. Böyüyəndə maşına çevirlməyən küt, tozlanmış arzularım. Onlar bəzən yalançı dilənçiyə bənzəyir. Əla aktyorluq eləyir içimdə. Bir yerlərimə, ürəyimə təzyiq etməyi də bacarır. Normativlərə cavab verməyən ürək kardeoqrammam kimi. Pis aktyorluq edir bəzən arzularım. Hisslərimdən istifadə edir. Məni boş otağa salıb, “replay”lə bir mahnıya saatlarla qulaq asdırır. Bezdirir qulaqlarımı. Sıxır..
Sadəcə P.S.`ini yazmaq istədiyim arzularım da var. Yalandan. Sırf görüntü olsun deyə başqalarına sırımaq istədiyim tələblərim. Kiminsə hisslərini bölüşmək xətrinə. Başımdan eləmək istədiyim xəyallarım. Eyni zamanda başımı rahat buraxmayan. Divara sıxılan yumruq kimi ağrıyan. Vuranda yox, hirsim soyuyanda hiss etdiyim. Bu arzularım məni cəmiyyətə bağlayır deyəsən. Oxşamağa çalışdığım. Ya da oxşadıldığım. Ya da başını oxşadığım cəmiyyətə. Tüpürdüyüm cəmiyyətə. İylənmiş cəmdək ətinə bənzəyən cəmiyyətə. Yararsız, vaxtı keçmiş. Ancaq köpəklərin yeminə çevrilən bir şeyə...
Vərəqlərə, vörd səhifələrinə, GB`lara sığmayan fikirlərim də var imiş. Danışıb-danışıb qurtara bilmədiyim. Danışıb qurtarandan sonra tam izah edə bilmədiyimi düşündüyüm fikirlər. “Başa düşdün?”-ə verilən “hə”-yə sillə kimi vurulan “eh.. sən hardan başa düşə bilərsən!” kimi...
Çox şirin arzuya bənzəyir bu. O biri arzulara bənzəməyəcəyini, hədəfə çatdıqdan sonra adiləşməyəcəyini düşündüyüm. Özüm-özümü aldadıram...
Özümü qabağıma qoyub başa sala bilmirəm. Daşıyıram dağı arana, aranı dağa. Bütün komplekslərim özümə qarşı. Milçək kimi bir zərbəylə əzərdim komplekslərimi, sarsaq arzularımla birgə. Bircə özümü başa sala bilsəydim, keşkə..
Bu yazının səbəbkarını bircə özüm.. Bir də özüm bilirəm. Özümü başa sala bilmədiyimə görə, nöqtə qoya bilmirəm...

P.S.: burda heç bir yazı olmamalıydı.. bura boş qalmalıydı.. bu P.S. olmamalıydı...

Freelancer

Neçə gündü bloqa bir şeylər yazmaq istəyirəm ama nəsə alınmır.
Ya vaxt olmur cızma qara eləyib içimi tökməyə, ya da həvəs.
İşdən də çıxdıq. "Re-Charge" olma, yenidən işə mi, yoxsa nəyəsə köklənmə prosesindəyəm. Bu arada çalışmağı da özümə əziyyət saymıram təbii ki. Şaman`ın işi tpkülüb qalıb onsuz. Jizel, Tunar, korporativ üslub, loqo, sayt, mayt dediyimiz vaxtda, bir tərəfdən də klinika çıxdı. Fotosesiya, nervoloji kardeoqramm, buklet, banner və s. və i.
***
Usta da üç gün bizdə qalandan sonra bezib qaçdı.
Hər gün hər gün çalışmaq da bir şey deyil. Arada fasilə almaq lazımdı.
İçimdə qəribə hiss yaranır. Sabahları saat 11.30`da qalxıb "uydaaaa! yenə gecikdim!" deyə bilmirəm..
Özümü lap məsuliyyətsiz hiss edirəm. Özbaşına filan falan..
Freelancer olmaqdır bu? Yoxsa işsiz gücsüz olmaq?
Hələ qərar verməmişəm..
Verəndə gec olmasın. Yerində qəbul olunan qərarları sevirəm. Səhv olsa belə.
Tez və yerində..