Məni bağışla padre,
Qaranlıq altar.
Pərdə arxasından etiraflarımı dinlə müqəddəs ata!
Bu kilsədə ilk və son dəfə danışacam,
İçimə bağlı gizli böyük sirlərimi.
20 ilimi geridə qoydum,
Göz qırpımında.
İncə uşaq sərt qalaya döndü.
Dirək axtarırdım, başqalarına dirək oldum.
Məcbur oldum,
Həyat oyunu çox cığaldı.
Saçıma çəkilən hər sığalda anamı tapdım.
Özümə rəfiqə seçdim.
Günlər keçdi beləcə.
Arzular da velosipeddə qaldı.
Yox idi onda imkan.
Çox dalaşdı atam anamla.
Qapının önünü mən pusurdum.
O vaxtdan yarandı vərdiş:
Hamı danışır, mən susurdum.
“Uşağı həkimə göstərin.
Bəlkə sinirləridi xəstə?!”
Hamı əllərində çiçəklərlə gəzir,
Dəstə-dəstə.
Qaraqan ağlıyır qıraqda,
Qaraqan dərd çəkir.
Təzəcə başlamış bu uşaq
Həyata necə də xətt çəkir?!
Nəyə görə,
Hamı oynayanda oturur arxada?
Nəyə görə,
Məktəb, ali məktəb arxa partada?
Nəyə görə,
Sevgi sözünü eşidən anda gözü qaçır?
Nəyə görə,
Qanı qara?..
Hamı eyni mövzu,
Eyni suallarla bezdirəndə,
Qaçıb dəniz sahilində
Dizimi qucaqlardım.
İndi həmin günlər uzaqlarda.
Uzaqlarda, lakin yanır sönür mayak.
Bir az sakitləş,
Nəfəsi saxla,
Ona qədər sayaq...
1,2,3..
Məni bağışla padre,
Qaranlıq altar.
Pərdə arxasından etiraflarımı dinlə müqəddəs ata!
Bu kilsədə ilk və son dəfə danışacam,
İçimə bağlı gizli böyük sirlərimi.
Deyirlər pul deyil əsas,
Onunla xoşbəxt olmaz.
Deyirlər insan elə bir varlıq,
Heç vaxt gözlər doymaz.
Deyirlər sevgi olan yerdə,
Qürur xəstəlikdi.
İçimə doldu payız xəzanı,
Yenə də yaşadım arzularda.
Üstəlik mənim də gizli hisslərim gizlənib,
Neçə bina damından ulduzlara baxıb gözlədim.
İstədim sevgilim olsun,
Mənimlə eyni düşüncələrə sahib.
Yarı sözdən anlıyaq bir-birimizi.
Çox ürək də qırıb getdim.
Göz yaşları töküldü, səbəbi mən.
Hərdən oluram əsəbi mən.
Hərdən içimə qapanıram,
Hərdən intihar arzuları biləkdə iz qoyur.
Hərdən Allahın qarşısında Qaraqan diz çökür,
Və sanki xeyri yoxdu.
Dualar da sanki boşdu.
Həyat filmi maraqsızdı.
Bu nə bəladı? Bu nə cür işdi?
Uşaqlıqdan arzum olub rəssam olum,
Amma bu gün rəssam olmaq istəyən acından ölür.
Xaraba dünya.
Dərəyə yıxılan araba dünya.
Qəribə dünya.
Hamı burda quldu,
Təkcə xəlifə dünya.
Əlinə dünya düşmüşəm,
Oyuncaq kimi.
Mən kəpənək,
Sən hörümçək kimi.
Toruna bağlı,
Ürəyi dağlı...
Məni bağışla padre,
Qaranlıq altar.
Pərdə arxasından etiraflarımı dinlə müqəddəs ata!
Bu kilsədə ilk və son dəfə danışacam,
İçimə bağlı gizli böyük sirlərimi.
Hıçqırıqlar içimi doldurub.
Nəyə görə gəlmişəm bu həyata?
Qəribə suallar divar tək əhatəmdə.
Xasiyətim də sentimental.
Doludur kompleks.
Gücüm zəifliyimi danmamaqda,
Qapını üzümə bağlamaqda.
Peşəkar olan doğmalar var.
Məni sevənləri incidirəm,
Sevməyənlərin acığını olardan çıxıb.
İnsanam mən də!
Öz səhvlərimlə həyata tozlu pəncərədən baxıb,
Günbəgün və günbəgün bezib,
Eyni mənzərədən qaçıram.
Ölümə doğru,
2007 addım atmışam.
Yəqin az qalıb.
Naşükürəm bəlkə?
Hər nə olsa, yenə də az gəlir.
Əbədi qışdayam,
Amma inanıram ki, yaz gəlir...
imza: Qaraqan
0 comments:
Post a Comment